Şamaxıda istismar müddəti başa çatan çoxmənzilli binaların yerinə 48 mənzilli yeni yaşayış binası tikilir
Azərbaycan Respublikası Prezidentinin “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə Şamaxı şəhərində istismar müddəti başa çatan 3 ədəd ikimərtəbəli binanın yerinə Aşıq Məmmədağa küçəsində yeni 48 mənzilli ictimai yaşayış binası tikilir. Bu məqsədlə Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 3 milyon manat ayrılıb.
Yeni binanın tikintisinə bu ilin iyununda başlanılıb. Çoxmərtəbəli ictimai binada artıq beşinci mərtəbənin inşası aparılır. Habelə, digər mərtəbələrdə mənzillərarası hörgü işləri görülür.
Sakinlər dövlətimizin başçısının insanlara, onların qayğı və problemlərinə göstərdiyi diqqətə görə razılıqlarını bildirirlər. Şəhərin Aşıq Məmmədağa küçəsində istismar müddəti başa çatan çoxmənzilli binanın sakini Səidə Eldarova tikilən yeni mənzilə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, dövlət tərəfindən həyata keçirilən sosial proqramların onların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına, gəlirlərinin artmasına kömək etdiyini söyləyib: “Yaşadığımız ictimai binanın istismar müddəti qurtarıb. Seysmik zonada yerləşən Şamaxıda bu cür binalar təhlükəlidir. Prezidentimizə çox-çox minnətdarıq. Artıq bizim üçün yeni çoxmənzilli bina tikilir. İnşallah, yaxın aylarda bina hazır olacaq”.
Qeyd edək ki, yeni binanın ərazisində abadlıq işləri görüləcək, asfalt döşənəcək, yaşıllıqlar salınacaq, uşaq meydançası qurulacaq.