Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 18-da rayon mərkəzindəki Heydər Əliyev parkında ümumrayon şənliyi keçirilmişdir. Park və onun ətrafı Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmişdi. İzdihamlı parka Novruzun rəmzi olan saysız-hesabsız səmənilər də xüsusi yaraşıq verirdi.
İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır" - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
Bu ilki Novruz bayrmı da respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da təntənə ilə qeyd olunmuşdur.Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, idarə və müəssisə rəhbərləri, rayon icrimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında keçirilən Novruz şənliklərində iştirak etmişlər. Şənlik iştirakçıları əvvəlcə parkda təşkil olunmuş sərgilərlə, idman oyunları ilə və qədim tariximizi əks etdirən milli adət-ənənələrini əks etdirən Novruz atributları ilə tanış oldular.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Novruz tonqalını alovlandırdı. Bahar qızı şamaxılıların Novruz bayramını təbrik etdi. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.