“Maarifçilik” Könüllülük Akademiyasına yekun vuruldu
Gənclər üçün Təhsil Mərkəzi UNEC Tədqiqat Fondunun dəstəyi ilə 5 gün davam edən “Maarifçilik” Könüllülük Akademiyasını başa vurub.
Mərkəzdən bildirilib ki, 2019-cu il Azərbaycanın “Gənclər paytaxtı” seçilən Şamaxı rayonunda keçirilmiş Akademiyanın əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı qeyd etdiyi prioritetlərə uyğun olaraq, ölkəmizdə könüllü ordusunun daha da genişləndirilməsi, gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması və onların şəxsi inkişafına hesablanan dövlət siyasətinə ictimai dəstək verilməsi olub.
Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzində təşkil olunan Akademiyada təşkilat komitəsi tərəfindən seçilmiş 70 gənc iştirak etmək hüququ qazanıb.
Akademiya çərçivəsində gənclər Milli Məclisin deputatları Pərvin Kərimzadə, Sona Əliyeva, Dilarə Cəbrayılova, habelə UNEC Tədqiqat Fondunun layihə departamentinin rəhbəri Ayşə Məhərrəmova, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramin Məmmədovla görüşüblər.
Gənclərə 5 gün müddətində, hər gün 8 saat olmaqla peşəkar idarəçi Fəxri Ağayev, NLP ustası Sənan Nəcəfov və İnsan Mühəndisliyi Proqramının rəhbəri Rövşən Nəcəfovun təlimləri keçirilib. “Maarifçilik” Könüllülük Akademiyası çərçivəsində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış da təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş turnirdə 8 komanda mübarizə aparıb, sonda “Stimul” komandası yarışın qalibi adını qazanıb. “Wonderkids” biliciləri ikinci, “Çinar” intellektualları isə üçüncü yerə çıxıblar.
Yekunda qalib və mükafatçılar təşkilat komitəsi tərəfindən kubok və medallarla təltif olunub.
Akademiyanın bağlanışı ilə əlaqədar keçirilən mərasimdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi qurumun Azərbaycanda könüllülük hərəkatına verdiyi töhfələrdən danışıb, hələ 2000-ci ilə BMT-nin Könüllülər Proqramı ilə birgə reallaşdırdıqları layihələrdən bəhs edib. Bildirib ki, məhz bunun nəticəsi olaraq Mərkəz tərəfindən “Azərbaycanda müasir könüllülüyün tarixi” adlı kitab da hazırlanaraq nəşr olunub. Mərkəz ölkədə könüllülük hərəkatının təşviqi üçün Avropa Könüllülük Xidməti ilə birgə 10-a yaxın layihə həyata keçirib, yüzlərlə əcnəbi könüllünün Azərbaycanla təcrübə mübadiləsinə şərait yaradıb. Bu gün Mərkəz Azərbaycan Prezidentinin könüllülük hərəkatının geniş vüsət alması istiqamətində verdiyi dəstəyə uyğun olaraq, ölkənin 20-dən çox bölgəsində ardıcıl iş aparır.
Fəxrəddin Həsənzadə Akademiyanın əhəmiyyətini bir daha vurğulayaraq, gələcəkdə bir sıra qurumlarda könüllülük hərəkatının yaradılması istiqamətində maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını da qeyd edib. O, bələdiyyələrdə, səhiyyə ocaqlarında, mədəniyyət mərkəzlərində və digər ictimai əhəmiyyət kəsb edən obyektlərdə könüllülərə ciddi ehtiyac olduğunu bildirib.
Sonda Akademiya iştirakçıları təltif ediliblər.