Zoologiya İnstitutu Şamaxıya ekspedisiya təşkil edib
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının böyük elmi işçiləri - biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva və biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinova, kiçik elmi işçisi Aydın Məmmədov Şamaxı rayonunda ekspedisiyada olublar.
Zoologiya İnstitutundan bildirilib ki, ekspedisiya zamanı Dağlıq-Şirvan bölgəsinin Şamaxı rayonu ərazisinin Dəmirçi kəndində Dəmirçay ətrafı, həyətyanı sahələr, meşə ətrafı otlaqlar, üzümlüklər və otlaqlardan gündüzlər entomoloji tor vasitəsilə çalma yolu ilə, gecələr isə lampa işığında qarışçı kəpənəkləri (Geometridae) toplanılıb.
Həmçinin Şamaxı rayonunun Şirvangöl, Səringöl su tutarlarından, Pirsaat çayı və Ağsu çaylarından, göllərdən sıyrıc və hidrobioloji tor vasitəsilə su həşəratları toplanılıb. Əldə olunan materiallar təyinat üçün laboratoriyaya gətirilib.