Şamaxıda Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Şamaxıda 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayonun rəhbər işçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğu, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında mühüm işlərin görüldüyü, mətbuat nümayəndələrinin sosial problemlərinə xüsusi həssaslıqla yanaşıldığı və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunması istiqamətində dövlət səviyyəsində görülən işlərin, həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək jurnalistlərə Milli Mətbuat günü münasibətilə təbriklərini çatdırıblar.
Sonda mətbuat işçilərinə qiymətli hədiyyələr təqdim edilib.