Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda keçirilən tədbirdə yanğın təhlükəsizliyi məsələləri barədə geniş müzakirələr aparılıb

13 iyun 2019 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxıda dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə tədbir keçirib. Tədbirdə rayon icra hakimiyyətinin, polis idarəsinin, eləcə də müvafiq qurumların nümayəndələri, fermerlər iştirak ediblər.

Tədbirdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Habelə, meşə və meşə zolaqlarının yanğından mühafizəsi məsələləri ilə bağlı da geniş müzakirələr aparılıb.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə fəaliyyətin səmərəli olduğunu bildirib. Vurğulanıb ki, qaz, elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, həmçinin iş günü və dərslər qurtardıqdan sonra növbətçi işıqlandırma qurğularından başqa, bütün elektrik qurğu və cihazlarının dövriyyədən ayrılması diqqət mərkəzində saxlanılmalı, mövcud yanğınsöndürmə vasitələri daim istifadə üçün yararlı vəziyyətdə olmalıdır.

Tədbirdə Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin rəisi, daxili xidmət mayoru Nurlan Şahmurov, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov, rayon polis şöbəsinin rəisi Şahin Mirzəyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Orxan Vəliyev, Mirikənd bələdiyyəsinin sədri Zöhrab Əmrahov və başqaları çıxışlarında son illər yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən, elektrik və qaz təsərrüfatından istifadə zamanı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, ilkin yanğınsöndürən vasitələrlə təchizatdan, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının əhəmiyyətindən söz açıblar. Habelə, iştirakçılara şəxsi heyətin və xüsusi kontingentin fövqəladə hallar zamanı davranış qaydaları, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirləri barədə məlumat verilib.

Toplantıda ərazilərin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların köçürülməsi (təxliyə) planlarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər) qayğı ilə yanaşılmasının vacibliyi məsələləri barədə də geniş danışılıb.

 

Keçidlər