Şamaxıda “Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib
Mayın 23-də rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Respublikanın Xalq artisti, Dövlət mükafatçısı, Şöhrət ordenli, Nəsimi tarixi filmində baş rolun möhtəşəm ifaçısı, canlı kolifeyimiz Rasim Balayev, rayonun ictimai xadimləri və tələbələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə fəxri qonaqla birlikdə Şamaxı rayonunda dahi şair İmadəddin Nəsiminin adını daşıyan parkda abidəsinin önünə gül dəstələri düzərək, şairə öz ehtiramlarını bildirdilər.
Rayon Mədəniyyət Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğunu deyib və onun ədəbi irsi barədə danışıb.
Sonra çıxış edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova qonaqları salamlayaraq bu tədbirin təşkil olunmasında rolu olan hər kəsə təşəkkür etdi. Çıxışda Nəsimi şəxsiyyətinin, onun ideallarının və əqidəsinin müasir dövrümüzlə səsləşdiyi, onun yaradıcılığında elmə, biliyə yüksək qiymət verildiyi vurğulanıb.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Rima Quliyeva Nəsimi poeziyasının humanizmi, insanı dünyanın əşrəfi hesab etməsindən bəhs etdi.
Sonra çıxış edən “Nəsimi” filmində baş rolun yaradıcısı, Xalq artisti Rasim Balayev görüşündə bildirib ki, “Nəsimi filmi çox uğurlu alınıb. Həm də bu, təkcə mənim yox, bütün kollektivin uğuru idi. Sevinirəm ki, bu filmə indi də maraqla baxırlar. Nəsiminin böyüklüyü ondadır ki, o, şeirlərində insanı Allah səviyyəsinə yüksəldib. Bu böyük məna kəsb edir. Azərbaycanın klassikləri məktəblərdə, universitetlərdə geniş tədris olunmalıdır. Çünki Nəsimi, Nizami, Füzuli kimi şairlərin yazdıqlarını qavramaq asan deyil”,- deyə aktyor vurğulayıb. Aktyor onu da qeyd edib ki, bir çox xalqlar Nəsimini öz şairi kimi təbliğ edirlər. Əslində isə o, Azərbaycan şairi olmaqla yanaşı, həm də bəşəri şairdir. Nəsiminin poeziyasının fəlsəfəsi çox dərindir. O, qəzəllərini Qurana istinadən yazıb. Lakin uzun zaman onun “həqq mənəm, həqq məndədir”, deməsini Allahı inkar etmək kimi dərk edirdilər. Bu da Nəsimi qəzəllərinin fəlsəfi mənasının dərk olunmamasından yaranmışdı. Əslində şair Allahın sifətlərini insanda görürdü. Prezident cənab İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan R.Balayev deyib ki, xalqımıza ən böyük töhfə olan bu ildə gənclər şairi daha geniş mənada tanıyırlar. “Mən o filmə çəkilərkən tərcüməçi, mətnşünas Əli Fəhmi ilə tez-tez görüşürdüm. O, mənə Nəsiminin qəzəllərinin fəlsəfi mənasını izah edirdi. Şeirlərin fəlsəfi mənasını açaraq deyirdi ki, Nəsimi Allah şairidir”, - deyə R.Balayev sözünə davam edib.
Görüşdə Rasim Balayev Nəsiminin bir neçə qəzəlini səsləndirib. Aktyor sənətə gəlməsi, qazandığı uğurları, kinonun bugünkü vəziyyəti barədə danışıb.
Tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildikdən sonra, filialın tələbələri tərəfindən qəzəllər səsləndirilib, musiqili kompozisiyalar və “Nəsimi” filmindən fraqmentlər nümayiş olunub.