Məktəb-liseyin şagirdləri Şamaxı Safari Parkında
Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub.
Ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan canlıların qorunması, onlara qayğının təbliği və müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr, aprel və may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.