Şamaxıda operativ müşavirə keçirilmişdir
Fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar aprelin 12-də Şamaxıda operativ müşavirə keçirilmişdir.
Müşavirədə Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak etmişlər.
Müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olmuşdur.
Müşavirədə FHN-nin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji”, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin məsul şəxsləri də iştirak etmişlər.
Fövqəladə Hallar Naziri K.Heydərov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar vermişdir. Görülən işlər bilavasitə dövlətimizin başçısının nəzarətindədir.
Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərinə düşən vəzifələrin vaxtında icrasının vacibliyini diqqətə çatdırmışdır. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ şəkildə ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldıqdan sonra dərhal qoşulmalıdır. K.Heydərov yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Müşavirədə çıxış edən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirmişdir ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olmuşdur. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılmışdır. Onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Ümumilikdə 648 qəzalı vəziyyətdə olan ev var. Bu günədək həmin evlərdən 272-si sökülmüşdür. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur.
Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışmışlar.
Tədbirdə podratçı tikinti şirkətinin rəhbəri görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır.
Müşavirəyə yekun vuran nazir K.Heydərov diqqətə çatdırmışdır ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda, keyfiyyətli aparılmalıdır.
Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq etmişdir. O, xatırladıb ki, Mehriban xanım Əliyeva zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərib, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olmuşdur. Eləcə də Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Nazir əlavə edib ki, görülən işlər Prezident cənab İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum məsuliyyətini daha da artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərərçəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.
Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabradək yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.