Rayon ağsaqqalları ilə görüş keçirilmişdir
Məlum olduğu kimi, bütün dövrlərdə ağsaqqal sözünə, ağbirçək öyüdünə ehtiyac duyulub. Onların məsləhəti ilə gerçəkləşdirilən bütün işlər sonda xeyirlə nəticələnib. Bu gün də ağsaqqalların sözünün və tövsiyələrinin idarəetmə orqanları tərəfindən də eşidilməsi mövcud sosial-iqtisadi problemlərin vaxtında həll edilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə yaşıl işıq yandırır.
Martın 2-də Şamaxı Rayon İcra Hakimiyyətində ağsaqqallarla keçirilən görüş də məhz bu məqsəsə qulluq edirdi. Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev əvvəlcə ağsaqqalları salamladıqdan sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və əhalimini narahat edən əsas probləmlərin həlli ilə bağlı görüləcək işlər barəsində məlumat verdi. Bu sahədə onların da məsləhətlərinin nəzərə alınacağını bildirdi.
Görüşdə rayon ağsaqqallarından Ağarza Bayramov, Məzahir Şikarov, Mərhəmət Mustafayev, Vaqif İsgəndərov, Vahid Xanəliyev, Süleyman Zərbəliyev, Mayıl Alcanov, Aydın Alcanov, Hacıbaba Şıxıyev və başqaları çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil ölkəmizdə əldə olunmuş uğurları yüksək qiymətləndirməklə bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonra görüş iştirakçılarından bir-birinin dalınca maraqlı təkliflər gəldi. Məsələn, onlar milli-mənəvi dəyərlərimizin qorunmasının, Şamaxının keçmiş paytaxt şəhər kimi tarixinin araşdırılıb dəqiqləşdirilməsinin, onun sosial-iqtisadi problemlərinin həll olunmasının, daha da abadlaşdırılaraq keçmiş ənənələri nəzərə alınaraq yenidənqurulmasının, təmiz və səliqəli saxlanılmasının vacibliyindən geniş söhbət açdılar.