“Kütləvi çıxarış” kampaniyası Şamaxıda
Aprelin 5-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsində “Kütləvi çıxarış” kampaniyası keçirilmişdir.
Həmin qəsəbədən olan 200-dək sakinə qeydiyyatla bağlı xidmət göstərilmişdir. Onlardan 100-dək sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunmuşdur. Verilən çıxarışların əksəriyyəti pay torpaqlarına, o cümlədən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olmuşdur. Kampaniya ilə qeydiyyat xidmətləri ahıl və fiziki məhdudiyyətli sakinlərin birbaşa evlərində göstərilmişdir. Bu dövlət tərəfindən hər bir vətəndaşa göstərilən sosial dəstəyin və qayğının nümunəsidir.
Kəndlilərin əmlaklarına dair çıxarışları elə ünvanlardaca rahat əldə etməsi onların uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyəti qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir. “Kütləvi çıxarış” kampaniyasının sosial əhəmiyyəti ilə yanaşı, iqtisadi faydası da var. Belə ki, pay torpaqlarının sənədləşdirilməsi, Sabir qəsəbəsindəki torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, ailə təsərrüfatında fəaliyyətin səmərəliliyinin artmasına imkan verir.
Torpaqlarını rəsmi qeydiyyata alan şəxslər dövlət tərəfindən verilən subsidiyalardan, güzəştlərdən yararlana bilirlər. Həmçinin bu, aqrar sahədə məşğulluğun artmasına, işsizliyinin azalmasına, o cümlədən məhsuldarlığın yüksəlməsinə səbəb olacaq.
Həmin gün 50-dək vətəndaşdan çıxarışla əvəz olunması üçün ilkin sənədlər də toplanıb. Vətəndaşlar çıxarış almaqla yanaşı, komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitə əməkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Komitə tərəfindən paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda saxlayan Əmlak Məsələləri Dövlət Komitəsi keçirdiyi sosialyönümlü tədbirlərin əhatə dairəsini genişləndirir. Komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran, onların vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradan “Kütləvi çıxarış” kampaniyası intensiv xarakter alır.