Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi yollarından danışılmışdır

13 mart 2019 | 16:00

Şamaxı şəhərində “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans martın 13-də işini panel iclasla davam etdirmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulmuşdur. Eyni zamanda, G.Ələkbərova gənclərin dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması istiqamətində bu cür seminar-müşavirələrin əhəmiyyətini yüksək dəyərləndirmişdir.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dinimizin fundamental dəyərlərinin geniş təbliğ edilməsinin vacibliyinə toxunmuşdur. Sədr müavini maarifləndirmə və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir. G.İsmaylov onu da qeyd etmişdir ki, bu görüşlər gənclər arasında milli mənəvi dəyərlərimizin təbliğinə, dinimizin əsaslarının möhkəmləndirilməsinə və dindarlarla əlaqələrin intensivləşdirilməsinə yönəlmişdir. Azərbaycanda dini müstəvidə sabitliyin və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu diqqətə çatdıran natiq cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.

G.İsmayılov, həmçinin dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu, o cümlədən dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanması radikalizmin qarşısının alınmasında ən səmərəli vasitə olduğunu bildirmişdir.

Daha sonra çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maarifləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırmışdır. Natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

Keçidlər