Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxılılar Ordumuza dəstək nümayiş etdirmişlər

13 mart 2019 | 16:00

Azərbaycan Ordusunda genişmiqyaslı təlimlərin keçirildiyi bir vaxtda Şamaxı rayonunda Ordumuza dəstək məqsədilə tədbir keçirilmişdir.

Heydər Əliyev Mərkəzinə toplaşan veteranlar, şahid ailələrinin üzvləri, ziyalılar, gənclər, qeyri-hökumət təşkilatlarının, idarə və müəssisələrin nümayəndələri əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, xalqımız builki Novruz bayramını həyatımızın bütün sahələrində qazanılmış uğurlarla qarşılayır. Dövlətimizin inkişaf və tərəqqisi, xalqımızın daha firavan yaşaması üçün aparılan mühüm islahatlar, eləcə də Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması bütün xalqımız kimi hər bir şamaxılını da sevindirir. Şamaxılılar dövlətimizin başçısının yürütdüyü məqsədyönlü daxili və xarici siyasəti ürəkdən dəstəkləyirlər. Ölkə rəhbərliyi daim xalqın yanındadır və hər bir vətəndaş bunu görür və yüksək qiymətləndirir. Bir neçə gün əvvəl baş vermiş zəlzələdən dərhal sonra Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bölgəyə gəlmələrinin, təxirəsalınmaz tapşırıqlar vermələrinin, az sonra görülən işlərlə yerindəcə tanış olmaq üçün dövlətimizin başçısının yenidən rayonumuzda olmasının, sakinlərlə səmimi görüşlərinin şahidi olduq.

T.Məmmədov ordu quruculuğu məsələlərindən bəhs edərkən vurğulamışdır ki, Azərbaycan Ordusunu yaratmaq Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindəndir. Bu Ordunu daha da qüdrətləndirmək, dünyanın güclü orduları sıralarına çıxarmaq isə müdrik və qətiyyətli Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir, ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşmişdir. Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident cənab İlham Əliyev böyük inamla qeyd etdi ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır.

Diqqətə çatdırılmışdır ki, şamaxılılar da Azərbaycan Ordusunun uğurla davam edən genişmiqyaslı təlimlərini diqqətlə izləyirlər. Azadlıq meydanında keçirilən hərbi paradlarda gördüyümüz ən müasir tank və zirehli texnikalar, artilleriya qurğuları, reaktiv yaylım atəşli sistemlər, müxtəlif təyinatlı aviasiya vasitələri artıq təyinat məntəqələrinə çıxarılmış və hərbçilərimiz təlim meydanlarında əsl döyüş məharəti nümayiş etdirirlər. Biz onlara daha böyük uğurlar diləyir və arzu edirik ki, tezliklə xalqımızı qələbə müjdələri ilə sevindirsinlər. Bütün xalqımız kimi, Şamaxı əhalisi də ordumuzun arxasındadır və onun hər biri zəfərini ürəkdən alqışlayır.

Çıxışına Ulu Öndər Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” kəlamını diqqətə çatdıraraq başlayan Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bugünkü tədbiri ordu ilə xalqın birliyinin yeni bir nümunəsi kimi dəyərləndirərək deyib: “Ali Baş Komandan İlham Əliyevin Prezident kimi fəaliyyətinin prioritet istiqamətlərindən biri olan ordu quruculuğu bu gün daha dinamik inkişaf etməkdədir. Ordumuzun maddi-texniki bazası gündən-günə möhkəmlənir, yeni-yeni silahlar, texnikalar, artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopter və döyüş təyyarələri, hərbi gəmilər alınır. Ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadirdir. Hərbi qulluqçuların sosial müdafiəsi, xidmət, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq müvafiq tədbirlər görülür, gənclərimiz hərbi peşələrə böyük maraq göstərir, Vətənə xidmətdən qürur duyurlar. Xalqımız ordumuzla fəxr edir. Əsgər və zabitlərimiz bu münasibəti, bu inamı hiss edir, arxasında duran böyük xalqın birliyindən, ölkə rəhbərliyinin ətrafında sıx birləşməsindən daha da ruhlanır. Ordumuz ona görə güclüdür ki, Prezident İlham Əliyev kimi Ali Baş Komandanımız və arxamızda dağ kimi dayanan mətin xalqımız var”.

A.Qurbani genişmiqyaslı təlimlərdən bəhs edərək diqqətə çatdırmışdır ki, bu təlimlərə on minə yaxın şəxsi heyət, 500 tank, zirehli texnika, avtomobil, xüsusi texnika, 300 ədəd müxtəlif çaplı artilleriya qurğusu, reaktiv yaylım atəşli sistemlər, minaatanlar, 20 müxtəlif təyinatlı aviasiya vasitəsi cəlb olunmuşdur. Təlimlər Ali Baş Komandanın birbaşa nəzarəti altında, Müdafiə Nazirliyinin rəhbər heyətinin bilavasitə iştirakı ilə uğurla davam etdirilir.

Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, rayon Gənclər və İdman İdarəsinin sədri Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Feyzullayev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon filialının sədri, şəhid anası Güllü Babaşova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, müharibə veteranı Fuad Səbiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi Azər Niyazov və başqaları çıxışlarında Ordumuza dəstək nümayiş etdirmiş və əli silah tutan hər bir şamaxılının da Qarabağ uğrunda zəfər yürüşündə Azərbaycan əsgərinin yanında olacaqlarını bəyan etmişlər.

Tədbirdə şəhid Taleh Həmidovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətlərə görə” 3-cü dərəcəli medal ailəsinə təqdim edilmişdir.

Şəhidin atası Saleh Həmidov və anası Qalina Vasilyevna, eləcə də şəhidin vaxtilə təhsil aldığı Qızmeydan kənd tam orta məktəbinin direktoru Nəsimi İsmayılov, kənd icra nümayəndəsi Yekaterina Ukleina şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, birinci xanım Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sonda tədbir iştirakçıları Azərbaycan əsgərinə müraciət qəbul etmişlər. Müraciətdə deyilir: “Vətən əsgəri, biz inanırıq ki, Sən göstərilən etimadı əməli fəaliyyətinlə, Vətənə nümunəvi xidmətinlə, xalqımıza, dövlətimizə sonsuz sədaqətinlə bundan sonra da şərəflə doğruldacaq, təlimlərdə qazandığın peşəkarlıq və məharəti vaxtı gələn zaman döyüş meydanında daha da cəsarətlə nümayiş etdirəcək və xalqımıza böyük qələbənin sevincini yaşadacaqsan”.

Tədbir iştirakçıları həmin gün Qızmeydan kəndində olmuş, şəhidlərimizin məzarlarını ziyarət etmiş və kənd məktəblilərinin təqdim etdikləri “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ordumuz-Qürurumuz” və “Biz səninləyik, Vətən əsgəri!” adlı ədəbi kompozisiyaları maraqla dinləmişlər.

Heydər Əliyev Mərkəzinə, Qızmeydan kənd tam orta məktəbinə və tədbir iştirakçılarına Müdafiə Nazirliyinin adından vətənpərvərlik mövzusunda yazılmış kitablar hədiyyə edilmişdir.

 

 

Keçidlər