Şamaxıda Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilmişdir
Şamaxıda rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilmişdir. Bununla əlaqədar yanvarın 23-də keçirilən təqdimat mərasimində rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim heyəti iştirak etmişdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə reallaşdırdığı “Robopark” layihəsi çərçivəsində təşkil olunan dərnəklərdə robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlər təşkil olunmuşdur.
Təqdimat mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirmişdir ki, “Robopark” layihəsi çərçivəsində Bakı şəhərindən sonra ilk dəfə olaraq Şamaxı rayonunda belə bir dərnək təşkil edilir. R.Əzizov bildirib: “Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının artırılması, robot texnika üzrə ilkin prototiplərin hazırlanmasına imkan yaratmaqdır. Bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi digər tərəfdaşları ilə birgə davamlı işlər görür. Sevindirici haldır ki, artıq müsbət nəticələr əldə olunur. Hesab edirəm ki, innovasiya sahəsində inkişaf meyllərinin əsası orta məktəbdən qoyulmalıdır. Bunu biliklər iqtisadiyyatına ilkin investisiya kimi dəyərləndirmək olar”.
BMT-nin İnkişaf Proqramının nümayəndəsi Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdikləri biliklərin onların ixtisaslı mütəxəssis kimi hazırlığında mühüm rol oynayacağını qeyd etmişdir. Bu baxımdan təşkil edilən dərnəklərin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, dünyada innovativ platformalardan istifadə edilərək erkən yaşlardan uşaqların texnoloji bilikləri artırılır və bu, onlarda texniki-texnoloji elmlərə maraq yaradır.
Daha sonra Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, məşğələlər əsasən, 8-16 yaş arası uşaqları əhatə edəcək.
Qeyd olunmuşdur ki, 4 ay davam edəcək “Mən pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş arası məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.
“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyalar interneti” texnologiyaları) müddəti 6 aydır. Bu, peşəkar robot və kodlaşdırma təlimidir. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. Təlimin yaş həddi yoxdur. 13-35 yaş arası hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.
Təlimlər zamanı təkcə dərs deyil, iştirakçıların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.
Habelə Şamaxı məktəblilərinə tədris olunacaq “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında da məlumat verilərək bildirilib ki, bu kurs 8-13 yaşlı uşaqlar üçün 3 istiqamətdə tədris olunur. Proqram yapon texnologiyası təhsil sistemi əsasında hazırlanan modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.
Məşğələ iştirakçıları sadəcə təməl dizayn alətlərindən istifadə edərək, robotik və texnoloji məhsullar dizayn etməyi öyrənir. Yeddi aylıq tədris müddəti iştirakçılara problemlərə öz kreativ həllərini tapmağa, əl bacarıqlarını inkişaf etdirməyə kömək olacaq.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının riyaziyyat, kibernetika, informatika fakültələrinin tələbələrinə yuxarıda qeyd edilən təlimlərin gələcəkdə onlar tərəfindən aparılması üçün seminar keçirilmişdir. Seminar çərçivəsində təlimçilər tərəfindən “Yapon mühəndisliyi”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar olmuşdur. Qeyd edilmişdir ki, bu seminarlarda davamlı olaraq iştirak edən tələbələr müəyyən biliklər əldə etdikdən sonra AREA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimləri öz rayonlarında azyaşlı uşaqlara tədris etmək imkanı qazanacaqlar.