Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Vəkillər Kollegiyası göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, yanvarın 19-da Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Bakı şəhəri 1 saylı Vəkil Bürosu tərəfindən Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 30-a yaxın vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar.
Görüşdə Vəkillər Kollegiyası sədrinin müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin aparat rəhbərinin müavini Anar Əsədov da iştirak etmişdir.
Vəkillər Kollegiyası tərəfindən gələcəkdə belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulmuşdur.