Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilmişdir

07 noyabr 2018 | 16:00

Noyabrın 7-də Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi olmuşdur.
   Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov, Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert və digər rəsmi şəxslər iştirak etmişdir.
   Mərasimi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq, layihə çərçivəsində kənd məktəbinin mövcud üç korpusundan birinin dam örtüyünün tamamilə dəyişdirildiyini, ümumiyyətlə, binanın əsaslı təmir edildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, 4 sinif və 1 kompüter otağı ən müasir havalandırma sistemi ilə təmin olunmuşdur. 11 kompüter istifadəyə verilib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradacaq.
   Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış etmiş, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışmışdır. Nazir müavini “Enerji səmərəliliyinin təmin olunması” layihəsinin reallaşmasına görə Çexiya səfirinə təşəkkürünü bildirmişdir.
   Səfir Milan Ekert layihənin ekoloji əhəmiyyətindən söz açmışdır. İnsanlar və ölkələr arasında körpülərin qurulmasının heç də asan olmadığını vurğulayan səfir Çexiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin, strateji anlaşmanın olduğunu vurğulamışdır. Bildirmişdir ki, hələ qarşıda müxtəlif sahələrdə bir çox əməkdaşlıq imkanları mövcuddur.
   Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova çıxışında iki ölkənin bir-birinə həmişə dəstək olduğunu söyləmiş, təhsilin keyfiyyətinin vacibliyini, bunun üçün yaxşı şəraitin yaradılmasının zəruriliyini diqqətə çatdırmış, məktəbin kollektivinə uğurlar arzulamışdır.
   Sonra qonaqlar kompüter və sinif otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuşlar.
   Layihə çərçivəsində Qaravəlli kənd məktəbi ilə Çexiyanın “Studnitse u Naxoda” kənd məktəbi qardaşlaşmışdır.

Keçidlər