Şamaxıda 2018-ci ilin doqquz ayının yekunları müzakirə edilmişdir
Oktyabrın 15-də Şamaxıda rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin iştirak ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev cari il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir.
Rayon rəhbəri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya bu ilin avqust ayının 25-26-da baş tutmuş səfərinin rayon üçün tarixi əhəmiyyətindən danışmış, səfər zamanı Meysəri kəndində kənd tam orta məktəbinin yeni binasının, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin, Dəmirçi kəndində Arxeologiya Muzeyinin və yeni Dəmirçi-Lahıc avtomobil yolunun açılışının olduğunu qeyd etmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, avqustun 27-də Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “ASAN xidmət” mərkəzinin və rayonun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı sərəncamların imzalanması dövlətimizin başçısının Şamaxıda, ümumən regionlarda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə, insanlara qarşı diqqət və qayğısına bariz nümunədir.
Şamaxı rayonunun iqtisadiyyatında əsas yeri kənd təsərrüfatının tutduğunu qeyd edən rayon rəhbəri taxılçılıq, heyvandarlıq və üzümçülüyün daha çox inkişaf etdiyini bildirmiş, əhalinin ərzaq təhlükəsizliyi, eləcə də işsizlik probleminin həlli üçün ölkə rəhbərinin tapşırıq və göstərişlərinə əsasən son illər məqsədyönlü işlər aparıldığını, kənd təsərrüfatının bütün sahələrinin inkişafına hərtərəfli dəstək verildiyini, həmçinin iri aqroparkların yaradıldığını bildirmişdir.
Keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan icra başçısı rayon fermerləri tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahənin 1710 hektara çatdırıldığını, bu il plantasiyalardan 9637 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verildiyini diqqətə çatdırmışdır.
Məruzədə cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi, şəhər, qəsəbə və kəndlərdə geniş abaqlıq-quruculuq işlərinin aparıldığı, avtomobil yollarının təmir edildiyi bildirilmişdir.
Şamaxıda bütün yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi diqqətə çatdırılaraq 2018-ci ilin doqquz ayı ərzində rayonun Ovçulu, Bağırlı, Hacıqədirli, Sabirli və Qonaqkənd kəndlərinin qazlaşdırıldığı, Şamaxı şəhərinin 01b, 02a və 10a saylı yaşayış massivlərinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlandığı və yaxın vaxtda həmin ərazilərə təbii qaz xəttlərinin çəkilişinin nəzərdə tutulduğu bildirilmişdir.
Qeyd edilmişdir ki, hazırda rayonun 47 yaşayış məntəqəsində 20325 abonent təbii qazla təmin olunur və rayon üzrə qazlaşdırma 95 faizi ötmüşdür.
Şamaxının istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli zonada yerləşdiyini bildirən rayon rəhbəri, istirahət mərkəzlərinin sayının ilbəil artdığından və turizmin daha da inkişaf etdirilməsi üçün görülmüş işlərdən ətraflı danışmış, cari ilin doqquz ayı ərzində rayona 98600 nəfər turistin gəldiyini, bunların da 34400 nəfərinin xarici turist olduğunu vurğulamışdır.
Məruzə ətrafında 4 saylı Ərazi Vergilər İdarəsinin direktoru Vüsal Bayramov, Rayon Telekommunikasiya Qovşağının rəisi Azər Əliyev, 7 saylı Yol İstismar MMC-nin 1 nömrəli sahəsi üzrə rəisi Telman Babayev, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev və Ağsu RQİİ-nin Şamaxı xidmət sahəsi üzrə rəis müavini Rauf Qasımov çıxış etmişlər.
Hesabat iclasının yekununda Asif Ağayev Şamaxı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin doqquz ayı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulamışdır.