Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının Qonaqkənd, Hacıqədirli və Sabirli kəndlərinə təbii qaz verilmişdir

11 oktyabr 2018 | 16:00

Respublikamızın bölgələrində, o cümlədən Şamaxıda bütün yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Oktyabrın 11-də rayonun daha üç kəndinə - 1004 nəfərin yaşadığı Qonaqkənd, 596 nəfərin yaşadığı Hacıqədirli və 397 nəfərin yaşadığı Sabirli yaşayış məntəqələrinə təbii qaz verilmişdir.
   142 abonenti olan Qonaqkənd, 115 abonenti olan Hacıqədirli və 28 abonenti olan Sabirli kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 414 metr müxtəlif diametrli daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
   Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə Qonaqkənd kəndində açılış mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək ölkə başçısının diqqət və qayğısı, rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, bölgələrdə, o cümlədən Şamaxıda reallaşdırılan sosial layihələrdən danışmışlar. Qeyd olunmuşdur ki, Şamaxı rayonunda bir şəhər, beş qəsəbə və 57 kənd olmaqla 63 yaşayış məntəqəsi vardır ki, artıq onlardan 47-si qazlaşdırılmış, rayon üzrə qazlaşdırma 95 faizi ötmüşdür.
   Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək bölgələrin sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
   Sonra rəmzi məşəl alovlandırılmış, yaşayış məntəqələrinə təbii qaz verilmişdir.

Keçidlər