Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilmişdir

03 oktyabr 2018 | 16:00

Akademik Abel Məhərrəmov iclasda Azərbaycanda innovativ elmi istiqamət olan nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlərdən danışmışdır

   Oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə səyyar iclası keçirilmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış etmişdir. Sonra Akif Əlizadə akademik Sudeif İmamverdiyevə Azərbaycan Respublikasının “Şərəf” ordenini təqdim etmişdir.

BDU-da nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanmışdır

   İclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. O, Prezident cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində hesabat olduğunu diqqətə çatdırmışdır.
   Prezident cənab İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı iki ölkənin universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandığını deyən akademik Abel Məhərrəmov, dövlətimizin başçısının göstərişinə əsasən bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzinin, ardınca "Nanomaterialların kimyəvi fizikası" kafedrasının yaradıldığını və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlandığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, qısa müddətdən sonra bu elmin əsasları universitetin fizika, kimya, biologiya fakültələrinin bakalavr pilləsində tədris edilməyə başlamışdır. Eyni zamanda, nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya ixtisaslaşmalarında magistr hazırlığı aparılmışdır. Qısa müddətdə bu istiqamətdə kimya və fizika fakültəsindən 12 nəfər fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə etmişdir.
   Akademik bildirmişdir ki, nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında və universitetlərində çap edilmişdir.

BDU-da nanotexnologiya sahəsində bir sıra inkişaf etmiş ölkələrlə tətbiqi
xarakterli birgə tədqiqatlar aparılır

   Nanotexnologiyanın tətbiq sahələrinin çox böyük diapazonda yerləşdiyinə diqqət çəkən akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahəsi və hərbi sənaye istiqamətində araşdırmalarına diqqət çəkib və bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıq alındığını söyləmişdir. Qeyd olunmuşdur ki, BDU-da nanotexnologiya sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə tətbiqi xarakterli birgə tədqiqatlar aparılır və ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya, İtaliyanın müvafiq universitetləri, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə yetirilib. Nəticə olaraq 2017-ci ildə “Web of Science” sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi dərc edilmişdir ki, bu məqalələrdən 37-si nanotədqiqatlar sahəsini əhatə edir.

Nanotexnologiya sahəsində multidissiplinar tədqiqatların davam etdirilməsinin məqsədəuyğunluğu

   Məruzə dinlənildikdən sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev və İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, akademik Vasif Babazadə və digərləri mövzu ilə bağlı fikirlərini bölüşmüşlər. Onlar bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindən danışıb, respublikada bu istiqamətdə tədqiqatların məqsədəuyğunluğu və vacibliyini qeyd etmişlər. Eyni zamanda, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirilməsi məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla birlikdə dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanması qərara alınmışdır. Qərara əsasən akademik Abel Məhərrəmovun təqdim etdiyi məruzə bəyənilmiş və innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunmuşdur. Həmçinin qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirmək məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması yer almışdır.
   Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı olmuşdur. Akademik Akif Əlizadə hesabatların işlənməsi üçün metodiki təlimatın hazırlandığını vurğulayaraq, hesabatların müəyyən olunmuş formalarda Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə təqdim etməyi tapşırmışdır.
   Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli istifadə edilməsi haqqında olmuşdur. Rəyasət Heyəti məsələ ilə bağlı müzakirə aparmışdır. AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı təkliflərə baxılması üçün komissiya yaradılmışdır.
   Digər qərarla AMEA Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv Saziş təsdiq edilmişdir.

BDU-nun Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında
filialı açılmışdır

   İclasda, həmçinin AMEA əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətin tərkib hissəsi olaraq onların istirahətinin səmərəli təşkili üçün binalardan istifadə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
    Rəyasət Heyəti AMEA-nın magistrant və doktorantlarının tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi və bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə də tapşırıq vermişdir.
   Bundan əlavə, qərarla AMEA-nın Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılmışdır.
   Rəyasət Heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması məsələsini müzakirə edərək təsdiq etmişdir.
   Daha sonra kadr məsələlərinə baxılmışdır.
   Sonda Bakı Dövlət Universiteti Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı və rəsədxana ərazisində akademiyanın əməkdaşlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət mərkəzi açılmışdır.

Keçidlər