Şamaxı üzümçüləri indiyədək 9637 ton məhsul yığıblar
Şamaxı rayonunda üzüm yığımı sürətlə davam edir və artıq plantasiyalardan 9637 ton məhsul dərilmişdir. Bu göstərici ötən ildəkindən 1237 ton çoxdur.
Vaxtilə respublikamızın ən iri üzümçülük bölgələrindən olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf edir. Plantasiyaların sahəsi 1710 hektara çatdırılmışdır ki, bunun da 1315,2 hektarı məhsuldardır.
Hazırda bütün plantasiyalarda, o cümlədən “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lərə məxsus bağlarda məhsul yığımı davam edir və yığılan üzüm emal müəssisələrinə göndərilir.
Rayonun Göylər Dağ, Məlikçobanlı, Çarhan kəndlərində, habelə Sabir və Şəhriyar qəsəbələrində fermerlərin və fiziki şəxslərin yetişdirdikləri süfrə üzümü isə birbaşa bazarlara çıxarılır.
Mütəxəssislər bu mövsümdə azı 11,5 ton üzüm istehsal ediləcəyini proqnozlaşdırırlar.