Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirilir
Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalına start verilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürmüş və dörd gün davam edəcəkdir.
Festivalın birinci günü Şamaxıda İmadəddin Nəsiminin büstü önündə şeir-musiqi məclisi təşkil olunmuşdur. İmadəddin Nəsiminin (1369-1417) fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” şüarları ilə təşkil olunan mərasimdə Azərbaycanın tanınmış alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən, o cümlədən Rusiyadan, Çindən, ərəb ölkələrindən gələn qonaqlar iştirak etmişlər.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev və rayon İcar Hakimiyyətinin başçısı çıxış edərək Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışmış, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs etmişlər. Vurğulanmışdır ki, Nəsiminin adı Azərbaycan xalqı üçün həmişə iftixar mənvə bəyi olacaqdır.
Sonra söz musiqiçilərə verilmişdir. Xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlar iştirakçılarda Nəsimi dünyasının möcüzələrini yaşatmışdır.
Daha sonra festivalın iştirakçıları İmadəddin Nəsiminin qardaşı Şaxəndanın, habelə görkəmli şair Seyd Əzim Şirvaninin dəfn olunduqları Şaxəndan qəbiristanlığını ziyarət etmişlər. Hələbdən gələn, İmadəddin Nəsiminin nəslindən olan Məhəmməd Nəsimi burada böyük şair və mütəfəkkirin qəbiri üzərində dua oxumuşdur. O, bu anı ona bəxş edən festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.