Şamaxıda yeni tibb məntəqəsi və su təchizatı sistemi istifadəyə verilmişdir
Sentyabrın 21-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şamaxı rayonunun Göylər kəndində inşa edilən tibb məntəqəsinin və Ovçulu kəndində “su təchizatı sisteminin tikintisi” layihəsinin açılışları olmuşdur.
Açılış mərasimlərində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək içməli suyun və tibb müəssisəsinin istifadəyə verilməsinin kənd həyatı üçün önəmli hadisə olduğunu vurğulamışdır. İcra hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda həyata keçirilən sosial layihələrdən danışmışdır.
Bildirilmişdir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu günədək rayonda təhsil, səhiyyə və digər sahələr üzrə müxtəlif layihələr reallaşdırılmışdır. Ovculu kəndində su təchizatı sistemi, Göylər kəndində tibb məntəqəsi istifadəyə verilən növbəti uğurlu layihələrdəndir. Qeyd olunub ki, yeni səhiyyə ocağı 15 min nəfərdən çox sakinə xidmət göstərəcək.
Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslanan əlaqələrdən danışan səfir Teruyuki Katori “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində səhiyyə, təhsil, ekologiya, sosial, infrastruktur və digər sahələrdə çoxsaylı layihələrin reallaşdırıldığını, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Səfir təkcə Şamaxıda 6 layihənin həyata keçirildiyini söyləmişdir. “Ümid edirəm ki, bu tibb ocağı uzun illər Göylər və qonşu kəndlərin sakinlərinə səhiyyə xidmətləri göstərəcək və insanlar layihədən faydalanacaqlar”, - deyən Teruyuki Katori “Regional İnkişaf” İctimai Birliyi tərəfindən işlərin nəzərdə tutulmuş müddətdən tez və keyfiyyətlə icrasından məmnun qaldığını bildirmişdir.
“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan kompleks tədbirlərin uğurla icrası nəticəsində insanların rifahının daha da yaxşılaşdığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Göylər kəndində yeni tibb məntəqəsinin açılması da regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələrdəndir.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə yaxından əməkdaşlıq edərək, müxtəlif layihələr və tədbirlər həyata keçirir.
Tədbirlərdə kənd sakinləri həyata keçirilən layihələrin regionların inkişafı baxımından əhəmiyyətindən danışaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.