Şamaxıda təhsil işçilərinin növbəti sentyabr konfransı keçirilmişdir
Sentyabrın 7-də Şamaxıda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzmüşlər.
Konfransın keçirildiyi Şamaxı şəhərindəki “Şirvangöl” şadlıq sarayının çöl zalında iştirakçılar əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Konfransda rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev 2017-2018-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmiş, sonra məruzə ətrafında müzakirələrdə Meysəri kənd tam orta məktəbinin direktoru Emil Sayılov və 2018-ci ildə keçirilən qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyent rayonun Göylər kənd 1 saylı tam orta məktəbinin məzunu Elnur Qasımov ətraflı iştirak etmişlər.
Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi Şamaxıda da yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bəziləri əsaslı təmir edilmişdir. Həmçinin qeyd edilmişdir ki, rayonun Meysəri kənd tam orta məktəbi üçün 132 şagird yerlik yeni bina, Nağaraxana kənd tam orta məktəbi üçün 80 yerlik və 8 saylı şəhər ibtidai məktəbi üçün 40 yerlik yeni modul tipli binalar tikilmiş, 2018-2019-cu tədris ilində şagirdlərin istifadəsinə veriləcəkdir.
Sonra qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunmuşdur.
Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Qasım Qasımov və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev də çıxış etmişlər.
Başçının birinci müavini çıxışında 2017-2018-ci tədris ilində əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə danışmış, buraxılmış nöqsanların aradan qaldırılması üçün öz tövsiyələrini bildirmişdir.
Sonda 2018-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 18 məzuna rayon icra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.