Prezident cənab İlham Əliyev Şamaxı rayonunda inşa edilən Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak edib
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin hər bir guşəsi maddi-mədəniyyət abidələrinin yarandığı və inkişaf etdiyi qədim insan məskənlərindən olub. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar əhəmiyyətli maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasına səbəb olub ki, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi-mədəniyyət abidələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeylərinin fəaliyyəti mühüm rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir.
Məlumat verildi ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi xidmətlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Kəndin adı sonra sakinlərin məşğuliyyəti ilə əlaqədar dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin, qışı isə çox da sərt olmur. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini ocaqlarından olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.
Muzeydə yaradılan şəraitlə tanış olan Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.
Bildirildi ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələr də aşkarlanıb. Onların içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Diqqətə çatdırıldı ki, muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar buraya gələn turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.