Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
İyulun 20-də kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxıda rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmiş, ərizə və şikayətlərinə baxmışdır.
Qəbuldan öncə nazir İnam Kərimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Nazir İnam Kərimov kənd təsərrüfatı idarəsinin inzibati binası, habelə Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olmuş, ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunan aqrokimya laboratoriyasına baxış keçirmişdir. Bildirilmişdir ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 60 nəfər vətəndaşın müraciətinə baxılmış. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub.
Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı sön dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulamışdır.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Həmin gün Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Qəbələ, Şamaxı, İsmayıllı və Qobustan rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərmişdir. Belə ki, etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 65 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilmiş, 1 nəfər imtahan verərək traktor və mexaniki nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi almış, 5 nəfər texnikasını texniki baxışdan keçirmiş, 5 nəfərin isə texnikası dövlət qeydiyyatına alınmışdır.
Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilmişdir.
Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanmış, mexanizatorların müraciətlərini dinləmiş, lazımi tövsiyələrini vermişdir.
Qəbuldan sonra nazir Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında, “Şamaxı üzüm tingliyi üzrə kənd təsərrüfatı istehsal müəssisəsi” MMC-də və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında olmuşdur.