“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimat mərasimi keçirilmişdir
Məlum olduğu kimi Azərbaycan zaman-zaman ermənilərin soyqırımına və repressiyalarına məruz qalmışdır. Mənfur qonşularımızın təhriki və iştirakı ilə ən çox soyqırım və repressiyalara məruz qalan bölgələrindən biri də Şamaxı şəhəri və onun kəndləri olmuşdur.
Tarixin müxtəlif məqamlarında bununla bağlı aparılan araşdırmalar bu həqiqəti bir daha sübut etmişdir. Həmin araşdırmalarla bağlı Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanan “Şamaxı soyqırımı-1918-ci il” kitabı 2011-ci ilin martın 14-də rayonumuzda keçirilən beynəlxalq konfransda müzakirə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
Bu ilin dekabrın 27-də həmin kitabın davamı olan “Şamaxı qırmızı terrorun hədəfində( 1930-40-cı illər repressiyaları)” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açmışdır.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov təqdimatı keçirilən bu kitabın əhəmiyyətindən danışaraq həmin nəşrlərin ərsəyə gəlməsində zəhmətinə görə Milli Məclisin üzvü Elxan Süleymanova öz minnətdarlığını bildirmişdir.
Sonra kitabın həmmüəlliflərindən biri tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, rayon ağsaqqallar şurasının sədri Aydın Alcanov, repressiya qurbanlarının övladları Süleyman Zərbəliyev, Əhməd Əmirov və başqaları çıxış edərək ermənilər tərəfindən Şamaxıda törədilmiş soyqırım və repressiyaların nəticələrindən ətraflı danışmış, bu baxımdan bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirmişlər.