Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilmişdir

03 iyul 2018 | 16:00

Erməni vandalizmi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində insanlara, eləcə də tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri vəhşiliklər barədə hər bir vətəndaş kifayət qədər məlumatlıdır. Əlbəttə, bu məlumatların, bu tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ümdə məsələdir və bu sahədə Heydər Əliyev Fondunun gördüyü ardıcıl və məqsədyönlü işlər, həyata keçirdiyi tədbirlər xüsusi önəm kəsb edir.

Bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” çərçivəsində iyulun 3-də Şamaxı Cümə məscidində keçirilən “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusundakı konfransda səsləndirilmişdir.

Müvafiq dövlət qurumlarının əməkdaşlarının, dini konfessiyaların rəhbərləri və nümayəndələrinin, alimlərin, ictimaiyyət nümayəndələrinin qatıldıqları konfransda çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova ermənilər tərəfindən əsrlərdir davam edən təcavüz nəticəsində abidələrimizə qarşı törədilən vəhşiliklərdən bəhs etmiş, ermənilərin bu əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyiyini vurğulamışdır. Natiq çıxışında erməni vəhşiliyinin qurbanı olmuş abidələrdən birinin də məhz konfransın keçirildiyi Şamaxı Cümə məscidinin olduğunu diqqətə çatdırmış, 1918-ci ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsinin pənah gətirərək məsciddə sığındığı zaman azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədiklərini bildirmişdir. Qeyd etmişdir ki, bu qırğınlar zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsinin milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir.

Sonra BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev tədbirin aktuallığından danışmış, erməni saxtakarlığının ifşası baxımından əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə cəmiyyətin yeni araşdırmalar zamanı aşkar edilən tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin “1918-ci ildə Şamaxı şəhəri və qəzasında soyqırımına məruz qalan məscidlər”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın “İrəvan şəhərində Azərbaycan abidələrinə qarşı erməni vandalizmi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Əliyevin “Azərbaycan incəsənətində soyqırımı mövzusu”, “İçərişəhər” Dövlət–Tarix Memarlıq Qoruq İdarəsinin şöbə müdiri Kamil İbrahimovun “Qədim Şirvan eli və 1918-ci il soyqırımı”, jurnalist –tədqiqatçı Mübariz Xəlilovun “Erməni vandalizmi və Pir Hüseyn Xanəgahı” mövzularında məruzələri dinlənilmiş, məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tədqiqatçı alimlər qeyd olunan bütün faktların torpaqlarımızda sığınacaq tapan ermənilərin əsl xislətinin bariz nümunəsi olduğu diqqətə çatdırmışlar.

Çıxışlarda müstəqilliyimizin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və dövlətimizin milli mənəvi dəyərlərə yüksək və həssas münasibətindən bəhs edilmiş, ermənilərin bu gün işğal altında olan torpaqlarımızda dağıtdıqları məscidlərimiz, tarixi, maddi-mədəniyyət abidələrimiz barədə danışmışlar.

Məruzələr zamanı erməni vəhşiliklərini əks etdirən tarixi fotolar slaydlarla nümayiş etdirilmişdir.

Keçidlər