Şamaxı rayonunda 2017-2018-ci tədris ilinin başa çatması münasibətilə "Son zəng" silsilə tədbirləri keçirilmişdir
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi iyunun 14-də Şamaxı rayon məktəblərində də son zəng tədbirləri keçirilmişdir.
Tədbirlərdə əvvəlcədən hazırlanmış bölgüyə uyğun olaraq rayon Təhsil Şöbəsinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları da yaxından iştirak etmişlər.
Şamaxı şəhər Avropa liseyində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov da iştirak etmişdir. Q.Qasımov çıxış edərək məzunları yeni həyata qədəm qoymaları münasibətilə təbrik edərək gələcək həyatlarında uğurlar arzu etmişdir.
Natiq çıxışında ölkəmizdə strateji əhəmiyyət kəsb edən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışmış, iqtisadi cəhətdən güclənən dövlətimizdə yeni məktəb binalarının tikintisinə, əsaslı təmir edilməsinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə xüsusi fikir verildiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyev tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Şamaxı rayonunda da əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yeni məktəb binaları, uşaq bağçaları tikilmiş və əsaslı təmir olunmuşdur.
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalınmışdır.
Rayonun bütün məktəblərində son zəng tədbirləri yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.