İlk “Novruz mühazirəsi” Şamaxıda keçirilmişdir
Fevralın 27-də Şamaxıda Təhsil Nazirliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə ilk “Novruz mühazirəsi” keçirilmişdir.
“Novruz mühazirəsi” Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması məqsədilə təşkil olunur.
Mühazirədə təhsil nazirinin müavini Firudin Qurbanov, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri, eləcə də, respublikamızın ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən, ümumilikdə, 30 əcnəbi tələbə iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyulmuşdur. Sonra qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər.
“Novruz mühazirəsi”nin iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğının törədildiyi Cümə məscidinə gəlmişlər. Burada onlara məscid və törədilən qırğınlar barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Şamaxı Cümə məscidi Azərbaycan Respublikasının ərazisində mövcud olan ən qədim məsciddir. 743-744-cü illərdə inşa edilmişdir. Cənubi Qafqazda və Yaxın Şərqdə Dərbənd Cümə məscidindən (734-cü il) sonra tikilmişdir. 1918-ci ilin aprelində Bakıda törədilən qırğınlarda ağlasığmaz vəhşilikləri ilə tanınan Stepan Lalayan və Tatevos Əmirovun başçılıq etdikləri erməni quldur dəstələri Şamaxıda silahsız insanları amansızcasına qırarkən əhalinin sığındığı məscidi də yandırmış, 1700-dən çox günahsız insanı qətlə yetirmişlər. Soyqırımı zamanı ciddi ziyan dəyən tarixi mədəniyyət abidəsində Prezident İlham Əliyevin Sərəncamına əsasən 2010-2013-cü illərdə restavrasiya işləri aparılmışdır.
Sonra tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin martında Şamaxıda törədilən soyqırımı faktlarından danışmışdır. Bildirmişdir ki, Şamaxı qəzasında iki dəfə törədilən soyqırımı nəticəsində şəhərin 21 min nəfər müsəlman əhalisinin 8-10 mini qətlə yetirilmişdir. Qırğınlar yalnız şəhərdə deyil, qəzanın kəndlərində də həyata keçirilmişdir və 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövrdə Şamaxı qəzasının 106 kəndi yandırılmış və dağıdılmışdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək 1918-ci il qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırmışdır. Nazir müavini təkcə insanların öldürülmədiyini, eyni zamanda, maddi-mədəniyyət, tarixi abidələrimizin də məhv edildiyini bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsindən də danışan F.Qurbanov 1988-ci ildən bəri ermənilər tərəfindən Qarabağda 40 milyondan çox nüsxə kitab və əlyazmanın yandırıldığını qeyd etmişdir.
Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış etmişdir. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan A.İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyini qeyd etmişdir. Mühazirədə bildirilmişdir ki, ermənilər tərəfindən xalqımıza qarşı davamlı olaraq soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Heç vaxt torpağı, dövləti olmayan ermənilərin bu gün əzəli torpaqlarımız olan İrəvan xanlığında dövlət qurması, Qarabağı və ətraf rayonları işğal etməsi erməni xislətinin əsl mahiyyətini göstərir.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə deputatlar, alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.