Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibətilə Şamaxıda “dəyirmi masa” keçirilmişdir
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibətilə Şamaxıda “dəyirmi masa” keçirilmişdir.
İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.
Xidmətin yaradılmasının 6-cı ildönümü münasibətilə həbri qulluqçuları təbrik edən rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev dövlət müstəqilliyinin qorunmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, ölkədə vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuş, məhz bundan sonra Azərbaycanda real və ciddi ordu quruculuğu prosesinə start verilmişdir. Bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşmışdır.
Sonra tədbir Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında davam etdirilmişdir. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan SHXÇDX-nin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminliklərini ifadə etmişlər.
Tədbirdə çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyi, Xidmətin ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə böyük töhfə verdiyi vurğulanmışlar.