Şriftin ölçüsü :

Saytın rəngi :

“Ana dilini sevək və sevdirək!”

20 dekabr 2012 | 16:00

Ana dili hər bir xalqın milli sərvətidir. Bizim ana dilimiz Azərbaycan dilidir. Bu dil bizi dünyaya gətirən anamızın danışdığı dilidir, doğma və müstəqil Azərbaycanımızın dövlət dilidir.
Məlum olduğu kimi, zamanın süzgəcindən keçərək daim gözəlləşən və inkişaf edən bu dilin qorunmasında, bu günki nəsilə çatdırılmasında bir çox tarixi şəxsiyyətlərimizin mühüm rolu olmuşdur. Bu baxımdan böyük sərkərdə və söz ustası olan Şah İsmayıl Səfəvinin yaratdığı vahid Azərbaycan dövlətində Azərbaycan dilinin dövlət dili elan edilməsi tariximizin unudulmaz hadisələri sırasındadır. İyirminci əsrdə isə böyük imeriyanın keçilməz sədlərini inamla aşan ulu öndərimiz Heydər Əliyev Azərbaycan dilinin yenidən respublikanın dövlət dili elan edilməsinə nail olmuşdur.
Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin bir dildir. Xalqımızın böyük sənətkarları İ.Nəsimi, İ.Xətai, M.P.Vaqif, M.F.Axundzadə, S.Ə.Şirvani, M.Ə.Sabir, S. Vurğun, B. Vahabzadə, M. Araz... bu dilin nəyə qadir olduğunu bütün dünyaya sübut ediblər.
Dekabrın 19-da Şamaxı Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və “Çağ” Öyrətim İşlətmələri şirkətinin təşkilatçılğı ilə rayon Mədəniyyət Sarayında “Ana dilini sevək və sevdirək” devizi altında rayon müsabiqəsinin yekun turu keçirilmişdir. Müsabiqədə rayonun ümumtəhsil, orta-ixtisas məktəblərinin istedadlı şagirdləri və tələbələri şeir-mahnı sahəsində bacarıqlarını nümayiş etdirmişlər. Gərgin mübarizə ruhunda keçən bu tədbirdə şeir kateqoriyası üzrə Mədrəsə qəsəbə tam orta məktəbinin şagirdi Rüstəm Mustafayev birinci, Avropa liseyinin şagirdi Asim Atakişiyev ikinci və Şamaxı şəhər 6 saylı tam orta məktəbin şagirdi Yavər Əmrahova üçüncü yerə çıxmışlar. Mahnı kateqoriyasında isə Şamaxı Humanitar Kollecin tələbəsi Orxan Rəcəbov birinci, Şamaxı şəhər 1 saylı tam orta məktəbin şagirdi Arif Quliyev ikinci, Əngəxaran kənd tam orta məktəbin şagirdi Əntiqə Yusifova üçüncü yeri tutmuşlar. Tədbirdə qramatika və inşa yazı üzrə qaliblər də müəyyənləşdirilmişdir.
Tədbirdə Şamaxı rayon təhsil şöbəsinin müdiri Səadət Veysova çıxış edərək bu müsabiqənin keçirilməsində hərtərəfli dəstəyə görə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədova və Qafqaz Universitetinin rektoru Əhməd Sanicə öz minnətdarlığını bildirmişdir.
Müsabiqənin sonunda Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov və Qafqaz Universitetinin rektoru Əhməd Sanic çıxış edərək qalibləri təbrik etmiş və onları qiymətli hədiyyələrlə mükafatlandırmışlar.
 

Keçidlər