Şriftin ölçüsü :

Saytın rəngi :

“Şamaxı rayonunun Göylər kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi

13 fevral 2018 | 16:00

Fevralın 13-də Şamaxıdakı Heydər Əliyev Mərkəzində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Şamaxı rayonunun Göylər kəndinin tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak etmiş, layihə üzrə müqavilə isə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və Səfir Teruyuki Katori tərəfindən imzalanmışdır.

Mərasimdə çıxış edən Səfir layihənin icrası nəticəsində mərkəzdən uzaq məsafədə məskunlaşan sakinlərin ilkin tibbi yardımının yaxşılaşdırılmasına ümid etdiyini bildirmişdir.

Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək sözügedən layihənin Yaponiya Hökumətinin Şamaxıda reallaşdırdığı 5-ci layihə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bundan əvvəlki 4 layihə üzrə 2 kənd içməli su ilə təchiz edilmiş, 1 lisey binası əsaslı təmir olunmuş, 1 tam orta məktəb üçün isə yeni bina tikilmişdir. İcra başçısı Yaponiya Hökumətinin Şamaxı rayonuna göstərdiyi maliyyə dəstəklərinə görə təşəkkürünü bildirərək, bu layihənin reallaşmasının rayonunun tibbi infrastrukturunun qismən təkmilləşməsinə tövhə verəcəyinə ümid bəslədiyini söyləmişdir.

Layihənin məqsədi barədə iştirakçılara ətraflı məlumatlar verilərək bildirilmişdir ki, Şamaxının ən böyük kəndi olan Göylər kəndində tibb məntəqəsinin tikilməsi ilə həm də ətraf kəndlərin əhalisinin ilkin tibbi yardım xidmətinin yaxşılaşdırılması təmin olunacaqdır. Qeyd edilmişdir ki, layihənin ümumi məbləği 90,118 ABŞ dolları təşkil edir.

Bildirilmişdir ki, Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 226 və ümumi dəyəri isə 19,313,834 ABŞ dolları təşkil edir.

Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa çox böyük əhəmiyyət verir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçmişdir.

Keçidlər