Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul etmişdir

31 yanvar 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 31-də Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirmişdir. Qəbulda Şamaxı rayonu ilə yanaşı, Ağsu və Qobustan rayonlarından olan sakinlərin müraciətlərinə də baxılmışdır.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların təyinatına uyğun istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir qismi torpaqların təyinatının dəyişdirilməsi, kənd təsərrüfatı məqsədilə torpaqların icarəyə götürülməsi, fərdi yaşayış evlərinin qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olmuşdur. Vətəndaş müraciətlərində qaldırılan bir sıra məsələlər operativ olaraq həmin gün öz həllini tapmışdır. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətlərinə baxılmış və həlli istiqamətində zəruri tapşırıqlar verilmişdir. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq vətəndaşların iştirakı ilə yerindəcə araşdırılması və qanunvericiliyə əsasən həlli istiqamətində tapşırıqlar verilmişdir. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün komitə sədri tərəfindən tapşırıqlar verilmişdir.

Qəbul zamanı Kərəm Həsənov bildirmişdir ki, ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. 2017-ci ildə 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb, digər rayonlar üzrə isə proses davam etdirilir. Torpaq uçotu işlərinin nəticəsində əldə edilmiş məlumatlar əsasında bələdiyyə xəritələri hazırlanır. Ötən il 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanmışdır.

Vətəndaşların diqqətinə çatdırılmışdır ki, bu sistemdə torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Sistem, həmçinin torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqların aradan qaldırılmasına imkan yaradır. Bununla vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətlərinə uyğun olaraq parsellərin koordinatlarını müəyyən etmək imkanı yaranır, mülkiyyətçilər arasında yaranan mübahisələrin qarşısını alır, qeydiyyat prosedurlarını daha da optimallaşdırır, o cümlədən torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinin dövlət mexanizmi təkmilləşdirilir, dövlət nəzarəti daha effektiv həyata keçirilir.

Komitə sədri vurğulamışdır ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, onların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülmüşdür. Qəbul zamanı vətəndaşlara torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilmişdir. Torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunmuşdur.

Bildirilmişdir ki, bilavasitə yerlərdə fəaliyyət göstərən komitənin mobil torpaq laboratoriyaları vasitəsilə fermerlər və kəndlilər onlara məxsus əkin sahələrinin münbitliyi barədə məlumatları, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. Vətəndaşların nəzərinə çatdırılmışdır ki, mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə komitəyə müraciət edə bilərlər. Bu xidmətin bilavasitə yerlərdə göstərilməsi fermerlərin işini yüngülləşdirməyə, onların daha optimal və operativ qaydada xidmətdən yararlanmasına şərait yaradır.

Komitə tərəfindən həyata keçirilən bu tədbirlərin başlıca məqsədi vətəndaşlar tərəfindən ictimai xidmətlərdən istifadənin rahatlıq və əlçatanlığını maksimum təmin etmək, nəticə etibarilə əhalinin məmnunluq səviyyəsini daha da artırmaqdır.

Keçidlər