Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 30-da ədliyyə naziri Fikrət Məmmədov Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirmişdir.
Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunmuş, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulmuşdur.