Ulu öndərin əziz xatirəsi Şamaxı rayonunda ehtiramla yad edilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin və xalqımızın xilaskarı kimi düşmüşdür. Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini bir daha dərindən dərk edirik. Nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan dövləti var, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
Azərbaycan dövlətinin yaradıcısı və qurucusu Heydər Əliyev şərəfli və mənalı ömür yolunun 34 ilini xalqının tərəqqisinə həsr etmişdir. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, ümummilli liderimiz Azərbaycanın bütün bölgələrinin inkişafına əvəzolunmaz töhfələr bəxş etmişdir. Bu baxımdan ulu öndər tərəfindən Şamaxı rayonuna xüsusi qayğı və diqqət göstərilmişdir. Onun birbaşa göstərişi ilə 1978-ci ilin yanvar ayında Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək məqsədilə xüsusi qərar qəbul edilmişdir. Müasir Şamaxı məhz həmin qərardan sonar tamamilə yenidən qurulmuş, onun imfrastruktoru daha da möhkəmləndirilmişdir. Bu gün də qədim Şamaxı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Dekabrın 12-də respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da xalqımızın unudulmaz oğlu Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar ümummilli liderin adını daşıyan parkda Anım tədbiri keçirilmişdir. Tədbirə Şamaxı şəhərinin, rayonun bütün kənd və qəsəbələrinin minlərlə sakini qatılmışdır.
Mərasimin əvvəlində Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov rayon içtimaiyyətinin nümayəndələri ilə birlikdə ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüşdür. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq ona olan sonsuz ehtiramlarını ifadə etmişlər.
Anım tədbirləri bütün günü davam etmişdir.