Şamaxıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilmişdir
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilmişdir.
Konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon, Ağsu rayon nümayəndələri, İsmayıllı Bilik Evinin direktoru, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Günisə Ələkbərova açaraq "İslam Həmrəyliyi ili" çərçivəsində görülən işlər barəsində məlumat vermiş, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən başlayaraq milli-mənəvi dəyərlərə dövlət səviyyəsində göstərilən böyük qayğı və diqqətdən danışmışdır.
Gülnisə Ələkbərova Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olduğunu vurğulayaraq Onun zəngin irsinin beynəlxalq səviyyədə öyrənilməsinə və yayılmasına böyük ehtiyac duyulduğunu diqqətə çatdırmışdır.
Natiq Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müqəddəs ibadət ocaqlarının bərpa edildiyini qeyd edərək Şamaxı rayonunda əsaslı bərpa edilərək yenidən qurulan Cümə məscidi və Dəmirçi kənd məscidi barədə məlumatlar vermişdir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun məruzəsi dinlənilmişdir. Müstəqilliyin Azərbaycana bəxş etdiyi dəyərlərdən birinin də etiqad azadlığı olduğunu deyən mühazirəçi dini birləşdirici amil kimi dəyərləndirən Ulu öndərin islam dininə dövlət səviyyəsində qayğı göstərilməsinə, həmçinin, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə etiqad azadlığının verilməsinə nail olduğunu vurğulayıb.
Bildirilib ki, dinimizi milli-mənəvi sərvətimiz adlandıran Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da bu yolun məntiqi davamıdır.
Bilik Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu regional konfransın təşkilinə görə yerli icra hakimiyyəti orqanına təşəkkürünü bildirərək, “İslam Həmrəyliyi İli” çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş olunub.
Konfrans başa çatdıqdan sonra "Gənc jurnalistlər" Klubu və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri Şamaxı Cümə məscidində olublar, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət etmiş, Cümə məscidi və Tarix-Diyarşünaslıq muzeyləri ilə tanış olmuşlar.