Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın görkəmli torpaqşünas alimi, ictimai-siyasi xadim akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə Şamaxıda elmi konfrans keçirilmişdir

17 noyabr 2017 | 16:00

Noyabrın 11-də Şamaxıda Azərbaycanın görkəmli torpaqşünas alimi, ictimai-siyasi xadim akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq bildirmişdir ki, böyük alim, Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyev Azərbaycanın müasir tarixinin ən parlaq simalarından biridir. Onun Azərbaycan Azərbaycanın təbiət elminin inkişafında çox böyük xidmətləri olmuşdur.

Rayon rəhbəri qeyd etmişdir ki, ömrünü Azərbaycan təbiətinin qorunmasına və zənginləşdirilməsinə həsr etmiş akademik Həsən Əliyevin 110 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamı ilə ölkə səviyyəsində qeyd olunur.
Elmi konfransda AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək, akademik Həsən Əliyevin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışmış, alimlərə örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Həsən Əliyev dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda iştirak etmiş, onun monoqrafik əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Daha sonra çıxış edən Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev,  Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayonun Dəmirçi kənd ağsaqqalı Osman Şükürov, akademik Həsən Əliyevin aspirantı, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülmurad Musayev təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili sahəsində Həsən Əliyevin fəaliyyətiləri barədə ətraflı məlumatlar vermiş, Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq-alim kimi nəinki Azərbaycanda, eyni zamanda dünya miqyasında tanınmış elm xadimidir. O, Azərbaycan elminə layiqli töhfələr vermiş, əsasən, torpaqşünaslıq, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, bitkiçilik, təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi kimi fundamental problemlərlə bağlı tədqiqatlar aparmışdır. Akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır.

Bildirilmişdir ki, Həsən Əliyevin uzun illər rəhbərlik etdiyi Təbiəti Mühafizə Komitəsi meşələrin mühafizəsi və bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük tədbirlər həyata keçirmişdir. Görkəmli alim, akademik Həsən Əliyevin təbiətin mühafizəsinə dair başladığı, həyata keçirdiyi işlər indi də davam etdirilir, onun tövsiyələri əsasında torpaqlardan səmərəli istifadə olunması prosesi həyata keçirilir.

Sonda tədbir iştirakçıları akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş slaydlara baxmışlar.

Keçidlər