Şriftin ölçüsü :

Saytın rəngi :

Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi qeyd edilmişdir

06 dekabr 2012 | 16:00

Dekabrın 5-də rayon Mədəniyyət Sarayında Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialinın təşəbbüsü ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr olunmuş ədəbi məclis keçirilmişdir. Məclisdə AMİ Şamaxı filialının müəllimi filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev şairin həyat və yaradıcılıqından söhbət açaraq qeyd etmişdir ki, bu məclis Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 3 aprel tarixli Sərəncamına əsasən təşkil edilmişdir.
Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söhbət açan natiq bildirilmişdir ki, Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olmuş, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Qədim zadəgan nəslinin nümayəndəsi olmuş Natəvan yaradıcılığa XIX əsrin ortalarında başlamış, Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri olmuşdur. O, yaradıcılığına “Xurşid” (Günəş) təxəllüsü ilə başlamışdır. Natəvan ədəbi-mədəni yaradıcılığında Azərbaycanın klassik ənənələrindən bəhrələnmiş, bunları öz poeziyasında uğurla davam etdirmişdir. Qəzəl, məsnəvi, qoşma və s. janrlarda həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca keyfiyyətləridir.
Ədəbi gecədə X. Natəvanın 1872-ci ildə Şuşada yaratdığı “Məclisi-üns” haqqında daha geniş söhbət aşılmışdır. Bildirilmişdir ki, Xan qızı məclisə rəhbərliyi və onun bütün xərclərini öz üzərinə götürmüşdür.
Natəvanın anadan olmasının 180 illiyi münasibətilə keçirilən tədbirdə AMİ Şamaxı filialının direktor müavini fəlsəfə doktoru Şahsəddin Mikayılov çıxış edərək edərək bu gecənin keçirilməsinə göstərdiyi köməkliyə görə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədova öz minnətdarlığını bildirmişdir.
 

Keçidlər