Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

22 noyabr 2012 | 16:00

Məlum olduğu kimi, artıq ötən ilin əvvəllərindən başlayaraq qədim paytaxt şəhər olan Şamaxıda, eləcə də rayonun bütün ərazisində abadlıq və quruculuq işlərinə geniş vüsət verilmişdir. Ötən müddət ərzində bütün qüvvə və imkanlar tam səfərbərliyə alınaraq bu sahədə ciddi dönüş yaradılmış, rayonda neçə-neçə obyekt istifadəyə verilmiş və ya əsaslı təmir edilmişdir. Hazırda havaların soyumasına baxmayaraq Şamaxıda, xüsusilə rayon mərkəzində abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
Şirvan küçəsi Şamaxı şəhərinin mərkəzi küçələrindən biri hesab olunur. Bu ilə qədər tamamilə bərbad vəziyyətdə olan bu küçə indi əsl müasir şəhər küçəsini xatırladır. Qısa müddət ərzində burada yerləşən bütün yaşayış və inzibati binaların fasad hissələri xüsusi materialdan üzlənərək dam örtükləri dəyişdirilmiş, küçəyəyə yeni bardürlər çəkilərək təzə səkilər salınmış və asvalt-beton örtük vurulmuşdur. Bundan əlavə Şirvan küçəsindəki işıq sistemi tamamilə yenidən qurulmuşdur. Abadlıq və yenidənqurma işlərinin aparılarkən qədim memarlıq elementlərinin tətbiq edilməsi bu küçənin simasına xüsusi gözəllik qatır. Küçədə yerləçən 19 saylı beşmərtəbəli binanın üzlənməsi işləri də başa çatmaq üzrədir.
Şəhərin giriş qapısı sayılan S.Ə.Şirvani küçəsi bu gün əsl tikinti meydançasını xatırladır. Həmin küçədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə əlaqədar xüsusi layihə həyata keçirilir. Hazırda S.Ə.Şirvani küçəsinin genişləndirilmiş ərazilərində qala divarları çəkilərək milli memarlıq elementləri ilə üzlənməsi davam etdirilir. Burada həmçinin küçəyə yeni bardürlər qoyulur və təzə işıq sistemi quraşdırılır.
Şamaxı şəhərinin Heydər Əliyev küçəsindəki istinad divarları milli memarlıq üslubunda yenidən əsaslı təmir edilmişdir. Ötən ilin sonlarından şəhərin giriş hissəsində, “Şamaxı “ şadlıq sarayının yaxınlığında yerləşən ərazidə yeni üçmərtəbəli inzibati binanın tikintisinə başlanılmışdır. Atrıq burada nəzərdə tutulan işlərin əsas hissəsi başa çatdırılmışdır. Yaxın vaxtlarda rayonun kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşdırılmış idarə və müəssisələri bu binaya köçürükəcəkdir.
Rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Xəbər verdiyimiz kimi, yeni dərs ilinin ilk günündə rayonun 4 kəndində yeni məktəb binası tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda isə rayonun Böyük Xınıslı, İkinci Çaylı, Cabanı kəndlərində də məktəb tikintisi davam etdirilir. Hacılı kəndində isə yeni məktəb binasının və Şamaxı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının inşasına başlanılmışdır.
 

Keçidlər