Şamaxıda təhsil işçilərinin növbəti sentyabr konfransı keçirilmişdir
Sentyabrın 6-da Şamaxıda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzmüşlər.
Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdikdən sonra məruzə ətrafında şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, Qudtəpə kənd tam orta məktəbinin direktoru Yeganə Nəbiyeva, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova, Avropa liseyinin gənc müəllimi Günel İsmayılova və 2017-ci ildə keçirilən qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyent Şəhla Musayeva ətraflı çıxış etmişlər.
Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi Şamaxıda da yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bəziləri əsaslı təmir edilmişdir. Həmçinin rayonun Meysəri kənd tam orta məktəbi üçün 132 yerlik, Məlcək kənd ümumi orta məktəbi üçün 80 yerlik, Nağaraxana kənd tam orta məktəbi üçün 80 yerlik və 8 saylı şəhər ibtidai məktəbi üçün yeni binalar tikilmişdir ki, həmin məktəblər 2017-2018-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcəkdir.
Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunmuşdur.
Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova və Təhsil Nazirliyinin İnformasiya şöbəsinin böyük məsləhətçisi Səadət Veyisova də çıxış etmişlər.
Başçının müavini çıxışında 2016-2017-ci tədris ilində əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə danışmış, buraxılmış nöqsanların aradan qaldırılması üçün öz tövsiyələrini bildirmişdir.
Sonda 2017-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 6 məzun rayon icra Hakimiyyətinin başçısının adından fəxri fərmanla təltif edilmiş, onlara qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.