Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 14-də Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və nazir Heydər Əsədov Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Nazir Heydər Əsədov Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılmış şəraitlə tanış olmuş, ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunmuş aqrokimya laboratoriyasına baxış keçirmişdir. Bildirilmişdir ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılmışdır. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülmüşdür. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmışlər.
Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşmüşdür. Məlumat verilmişdir ki, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 351 min 70 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 140 min 428 manat güzəşt tətbiq edilmişdir. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılmış, o cümlədən güzəşt tətbiq edildikdən sonra 5 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilmiş, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınmış və müvafiq sənədlər vətəndaşlara təqdim olunmuşdur. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul etmişlər.
İndiyədək 7740 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 16 min 717 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 116 milyon 34 min 668,75 manat güzəşt tətbiq olunmuşdur.
Həmin gün nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yeni gətirilmiş avadanlıqları ilə də tanış olmuşdur. Həmçinin Müfəttişliyin təşkil etdiyi səyyar xidmət zamanı Şamaxı, Ağsu, İsmayıllı və Qəbələdən olan 60-a yaxın mexanizatorun sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması həyata keçirilmişdir.
Nazir Heydər Əsədov daha sonra Qobustan Bölgə Təcrübə Stansiyasına gələrək Türkiyədən gətirilmiş müasir tələblərə cavab verən toxumtəmizləyici avadanlıqlara baxış keçirmiş, əkin sahələrində olmuş, yeni yetişdirilən, yüksək reproduksiyalı, məhsuldar toxum sortları ilə maraqlanmış, fermer və sahibkarlarla söhbət edərək müvafiq tapşırıq və tövsiyələrini vermişdir.