Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistanlı qonaqlar Şamaxı Cümə məscidi və rəsədxana ilə tanış olmuşlar

12 iyul 2017 | 16:00

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov iyulun 12-də Şamaxıya gəlmişlər.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə əvvəlcə Şamaxı Cümə məscidinə gələn qonaqlar rayon rəhbərləri, məscidin din xadimləri tərəfindən mehribanlıqla qarşılanmışlar.
Sonra məscidlə tanışlıq olmuşdur. Bildirilmişdir ki, Şamaxı Cümə məscidi Cənubi Qafqazda ən qədim məscidlərdən biridir. 743-cü ildə inşa olunan, 1859-cu və 1902-ci illərdə baş verən viranedici zəlzələlərin təsirindən belə tam dağılmayıb yenə öz əzəmətini saxlayan bu ibadət yeri 1918-ci ilin martında erməni daşnakları tərəfindən yandırılmışdır. Həmin vaxt məscidə sığınan 1500 nəfərdən çox günahsız insana, o cümlədən qadın və uşaqlara belə aman verilməmişdir. Mart soyqırımı zamanı çəkilən və böyüdülərək məscidin həyətində nümayiş etdirilən 17 fotoşəkil erməni soyqırımının, vandalizminin əyani təsviridir.
Qeyd olunmuşdur ki, Prezident cənab İlham Əliyev 2009-cu ilin noyabr ayında Şamaxıya səfəri zamanı böyük tarixi dəyəri və xalqın mənəvi dünyasında xüsusi yeri olan Cümə məscidinin bərpasına qərar vermişdir. 2013-cü ilin mayın 17-də yenidən bərpa edilən məscidin açılışı olmuşdur. Bu zaman məscidin ilkin görkəminə qaytarılması diqqət mərkəzində saxlanılmışdır. Hazırda burada 1500 nəfər eyni vaxtda ibadət edə bilər.
Sonra qonaqlar və onları müşayiət edən şəxslər uzun illərdən bəri dünya astrofizika elminə sanballı töhfələr verən, böyük elm ocağı olan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına getmişlər. Burada onlar rəsədxana ilə tanış olmuş, aparılan elmi-tədqiqat işləri ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem - ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bunlardan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və sair üzrə də araşdırmalar reallaşdırılır.
Şamaxının dini və elmi məkanları ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.

Keçidlər