Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması mövzusunda Şamaxı rayonunda işgüzar forum keçirilmişdir
İyunun 30-da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı Şamaxı rayonununda maarifləndirici işgüzar forum keçirmişdir.Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ƏMDK, yerli icra nümayəndələri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri, fiziki və hüquqi şəxslər iştirak etmişdir.Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov açaraq ölkədə aparılan sosial-iqtisadi islahatlardan danışmışdır. Natiq çıxışında İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrdən danışmış, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat vermişdir.Çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov forumun məqsədinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində ƏMDK-nın fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğunu vurğulamışdır. Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağırışları nəzərə alınaraq, yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilmişdir. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılmış, torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunmuş, bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə söhbət açılmışdır. Komitənin nümayəndəsi “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatdan məlumat vermişdir. Qeyd etmişdir ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilir, monitorinqlər təşkil edilir. Monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq olunur. Diqqətə çatdırılıb ki, İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə uyğun olaraq, torpaq qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdirilmişdir.Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilmiş, onlara komitənin nümayəndəsi tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun zəruri izahatlar verilmişdir.