Şamaxıda Xalq artisti, Prezident təqaüdçüsü, professor Mələkxanım Əyyubovanın yubiley tədbiri keçirilmişdir
Noyabrın 12-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, professor Mələkxanım Əyyubovanın yubiley tədbiri keçirilmişdir. Tədbirin aparıçısı Xalq artisti, professor Canalı Əkbərov əvvəlcə tədbir iştirakçılarına tanınmış xanəndə Mələkxanım Əyyubovanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Sonra fəlsəfə doktoru İlham Mirzəyev, böyük maarifçi Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabi cıxış edərək Mələkxanım Əyyubovanı yubileyi münasibətilə ürəkdən təbrik etmiş, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni sənət uğurları arzulamışlar.
Mələkxanım Əyyubovanın həmyerliləri ilə görüşündə səhnə əsasən müsiqi ovqatında köklənmişdir. Onun sənət dostları Xalq artistləri Canəli Əkbərov, Möhlət Müslümov, Fəxrəddin Dadaşov, respublikanın əməkdar artisti Elnarə Abdullayeva, Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilov, gənc istedadlar Mirələm Mirəlov, Vüsal və Ramal İsrafilov qardaşları maraqlı və rəngarəng müsiqi çələngi ilə Mələkxanım Əyyubovanı təbrik etmişlər.