Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanın atası Şəmkirin fəxri vətəndaşı elan edilib

08 may 2017 | 16:00

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyalarına sadiq ordu ilə xalqın birliyinə həsr olunmuş vətənpərvərlik həftəsi” mövzusunda tədbir Şəmkirdə davam etdirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, gizirlər və əsgər heyyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Şəmkir rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dəyirmi masa arxasında tədbir davam etdirilib.
Çıxış edənlər bildiriblər ki, zəmanəmizin dühası olan Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdəndir. O, ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqinin banisi və ilhamçısı olub. Xüsusilə ümummilli liderin ordu quruculuğu sahəsində fəaliyyətinin nəticələri dövlətimizin bugünkü etibarlı təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, ölkəmizin nə zamansa müstəqillik yoluna qədəm qoyacağını öncədən görən ulu öndər Azərbaycan hərb sənətinin yenidən dirçəldilməsi və müstəqil dövlətin Silahlı Qüvvələri üçün yüksək ixtisaslı milli zabit kadrlarının hazırlanması üçün əlindən gələni əsirgəməyib.
Azərbaycanlılığı ilə bütün ömrü boyu fəxr etmiş dahi bir şəxsiyyət olan Heydər Əliyev siyasətini bu gün də uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev orduya, hərbi quruculuğa böyük önəm verərək, ölkəni regionun super güclərindən birinə çevirməyə müyəssər olub. Bu gün qürür duyucu haldır ki, hərbi təhsil və hərbi səhiyyə ilə yanaşı, hərbi sənaye də davamlı bir şəkildə inkişaf etdirilir. Bu gün deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz, erməni işğalına məruz qalmış əraziləri çox qısa müddət ərzində geri qaytarmaq gücünə qadirdir.
Tədbirə gözlənilmədən Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov dəvət edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovla fəxr etdiklərini bildirib. Bütün Azərbaycan Çingiz Qurbanovla fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir. İcra başçısı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanovu Şəmkirdə görməkdən məmnun olduğunu bildirərək onu Şəmkirin fəxri vətəndaşı elan edib.
Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Rayon İcra Hakimiyyətinin başçısı Almipaşa Məmmədova və Heydər Əliyev Mərkəzinə kitablar təqdim edib. Salman Qurbanov ona və ailəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.

Keçidlər