Şriftin ölçüsü :

Saytın rəngi :

Qürur mənbəyimiz: Azərbaycan Bayrağı

10 noyabr 2012 | 16:00

9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov Azərbaycan Dövlət Bayrağının tarixindən, dövlətçilik atributu kimi əhəmiyyətli rolundan ətraflı danışmışdır. Sonra Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktor müavini Gülnisə Ələkbərova, rayon ağsaqqallar və müharibə veteranları şurasının sədri Ağarza Bayramov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Tədbirdə bildirilmişdir ki, 9 noyabr tariximizin ən unudulmaz günlərindən biridir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı günü kimi təsis olunmuşdur. Mən bayram münasibətilə Sizi, Sizin simanızda rayonumuzun bütün sakinlərini ürəkdən təbrik edir, hər birinizə yeni-yeni uğurlar arzulayıram.
Respublikamızda Dövlət atributlarından biri olan Azərbaycan Bayrağına yüksək ehtiram nümunəsi göstərilir. Bu baxımdan xüsusi qürur hissi ilə vurğulanmışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində ucaldılmış və dünyada analoqu olmayan bu meydan Bayıl qəsəbəsində, Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında ucaldılmışdır.
Dövlət Bayrağımız ən hündür bayraq kimi Ginnes dünya rekordları kitabında təsdiq edilmişdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, dayağın hündürlüyü 162 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi 350 kiloqramdır. Meydanda quraşdırılmış Azərbaycan Respublikasının gerbi, himni və xəritəsi qızıl suyuna salınaraq bürüncdən hazırlanmışdır. Bayraq paytaxtın bütün ərazilərindən görünməsi ilə xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, hər birimiz üçün Azərbaycan bayrağının keçdiyi tarixi yol çox maraqlıdır. Qeyd edək ki, vaxtilə qədim Azərbaycan dövlətlərinin, eləcə də xanlıqlarının bayraqları mövcud olmuşdur. Hazırda onların bir çox nümunələri Dövlət Bayrağı Muzeyində nümayiş etdirilir. Azərbaycanda üçrəngli dövlət bayrağı isə ilk dəfə 1918-ci il noyabr ayının 19-da Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar ölkədə bu bayraqdan imtina edilmişdir.Sovet hakimiyyəti illərində formal olaraq Azərbaycan Respublikasının özünün bayrağı olmasına baxmayaraq o əsl döblət atributu rolunu ifadə etməmişdir.
Keçən əsrin axırlarında SSRİ imperiyası çökməyə başladı. İmperiya tərkibində olan bir çox xalqlar müstəqil olmaq uğurunda mübarizəyə qoşuldular. Lakin hələ də imeriyanın xofu tam aradan qalxmamışdı. Keçmiş SSRİ rəhbərlərinin xeyir-duası ilə bir neçə müttəfiq respublikada böyük qırğınlar törədilmişdi. Həmin təhlükəli bir dövrdə, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi bərpa edildi. Həmçinin böyük cəsarət nümayiş etdirərək Muxtar Respublikanın Ali Məclisi həm respublika Ali Soveti, həm də SSRİ Ali Soveti qarşısında ADR-in üçrəngli bayrağının Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması ilə əlaqədar məsələ qaldırdı. Beləliklə, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti də xalqın təkidli tələblərinə qarşısında duruş gətirməyərək üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.
Yenidən bərpa edilmiş üçrəngli Azərbaycan bayrağı haqqında ümumilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən bir neçə mühüm dövlət sənədi imzalamışdır. Bu baxımdan Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” 13 mart 1998-ci il tarixli sərəncamı, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il) xatırlamaq yerinə düşər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında”sərəncam, dövlət başçısının ötən il sentyabrın 15-də imzaladığı “Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında” fərman, müxtəlif silahlı qüvvələrinin bayraqlarının təsdiq edilməsi barədə qanunlar və dövlət sənədləri Azərbaycanda bayrağa göstərilən hörmətin və ehtiramın nəticəsidir.
Tədbirdə qeyd edilmişdir ki, respublikamızın regionları içərisində birincilər sırasında Bayraq Meydanı rayonumuzda yaradılmışdır. Şamaxının hər tərəfindən görünən möhtəşəm bu meydanda Azərbaycan Bayrağı ilə yanaşı orada respublikamızın gerbi, xəritəsi ucaldılmış və ulu öndər Heydər Əliyevin müdrik kəlamı yazılmışdır.
Azərbaycanın Dövlət Bayrağı milli qürur və iftixar mənbəyimizdir. Nə qədər Azərbaycan dövləti var, nə qədər Azərbaycan xalqı var, üçrəngli bayrağımız həmişə inamla dalğalanacaqdır.
 

Keçidlər