Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmiyyətimiz müasir Azərbaycanın banisi Heydər Əliyevin ideyaları ətrafında sıx birləşib

04 may 2017 | 16:00

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şamaxıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən, “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və dini, milli, mənəvi dəyərlərimiz: İslam Həmrəyliyi İli kontekstində” mövzusunda konfrans keçirilmişdir.
Şamaxı Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Azərbaycan Universitetinin tələbələri, rayonun rəsmi qurumlarının nümayəndələri, yerli ziyalılar iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.
Ulu Öndər haqqında sənədli filmin nümayişi ilə başlanan tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Ümummilli Liderə həsr olunan konfransın məhz Şamaxıda təşkilindən qürur duyduğunu deyib. Vurğulanmışdır ki, müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin ideyaları ətrafında sıx birləşən cəmiyyətimiz daim inkişaf edir. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri bu inkişafdan eyni səviyyədə faydalanırlar.
Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova diqqətə çatdırmışdır ki, tədbir təmsil etdiyi qurumun “Tariximizi öyrənək və öyrədək” klubunun təşəbbüsü ilə təşkil olunmuşdur. Konfransın Heydər Əliyev ideyalarının təbliğatına xidmət etdiyini deyən X.Hüseynova bildirmişdir ki, Ulu Öndərin həyat və fəaliyyəti barədə hər bir azərbaycanlının bilməsi tariximizin daha dərindən və dəqiq öyrənilməsinə böyük imkanlar açır. O deyib: “Ümummilli Liderin ən böyük arzularından biri bütün xalqların birgə yaşadığı sülhpərvər cəmiyyətin qurulması olub. Artıq Azərbaycanda sürətlə inkişaf edən belə cəmiyyət qurulub”.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Aqşin Axundov Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin və dövlətçiliyin daim keşiyində dayandığını, ölkəmizin inkişafı üçün yorulmadan çalışdığını deyib. Ulu Öndərin “Mən qalan ömrümü xalqıma bağışlayıram” fikrini xatırladan natiq dahi şəxsiyyətin xalqımızın rahatlığı naminə çox böyük işlər gördüyünü, multikultural ölkəmizin təməlini qoyduğunu söyləmişdir. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirməsi nəticəsində ölkəmiz tolerantlığı ilə dünyaya nümunədir.
Sonra konfrans iştirakçıları Şamaxı Cümə Məscidində, Yeddi Günbəz kompleksində, Şamaxı Olimpiya Mərkəzində, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində, Mirzə Ələkbər Sabirin ev muzeyində və məqbərəsində olmuşlar.

Keçidlər