Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şamaxılı şəhidlərə həsr olunmuş " SAMİR! NAZİM! ELŞƏN!" kitabının təqdimat mərasimi keçirilmişdir
Bu gün Şamaxı rayon Mədəniyyət Mərkəzində rayonun Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Aida Eyvazlı Göytürk tərəfindən 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olmuş şamaxılı şəhidlər haqqında yazılmış "SAMİR! NAZİM! ELŞƏN!" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Silahlı Qüvvələrimizin bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam qadir olduğundan danışaraq aprel döyüşlərinin bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulamışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatmışdır. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstərmiş, onlardan üç nəfəri vətənin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Xalqımızın, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vətənin bu mərd oğullarına diqqət və qayğısından söz açan icra başçısı rayonun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlunun “İgidliyə görə” medalı ilə, Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlunun “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunduqlarını bildirmişdir.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, şəhid Samir Kaçayevin təhsil aldığı Çuxuryurd kənd tam orta məktəbin müəllimi Güntəkin Hümbətov və kitabın yazarı Aida Eyvazlı Göytürk ordumuzun qüdrətindən söz açmış, Azərbaycan əsgərinin Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu diqqətə çatdırmışlar.
Tədbirdə şəhid atası Nadir Zəkərəyev övladının keçdiyi döyüş yolu barədə danışaraq şəhid oğlu ilə fəxr etdiyini bildirmişdir.
Şamaxının Millət vəkili Elxan Süleymanov da çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin şücaətindən danışaraq bildirmişdir ki, aprel döyüşləri doğma torpaqlarımızı istər sülh, istərsə də, hərb yolu ilə düşmən tapdağından azad etməkdə qətiyyətli olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Bildirilmişdir ki, şamaxılılar vətənin azadlığı uğrunda canlarından keçən şəhidləri ilə fəxr edir, qəhrəman övladlarının xatirəsini daim qəlblərində yaşadacaqlar.
Tədbir şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeir və kompozisiyalarla davam etdirilmişdir.