Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır

31 mart 2017 | 16:00

Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır.
1918-ci il soyqırımı zamanı ən dəhşətli vəhşiliklərin törədildiyi, ciddi insan itkilərinə və maddi ziyana uğramış Şamaxıda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər.
Şamaxı şəhər Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbirdə iştirakçılar əvvəlcə 31 mart faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının, eləcə də Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq əsrlər boyu bədnam ermənilər və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyətini iştirakçıların diqqətinə çatdıraraq qeyd etmişdir ki, azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bildirmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalmışdır. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır.
Rayon rəhbəri xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırlatmış, bu gün də onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə məqsədyönlü addımların atıldığından danışmışdır.
Bildirmişdir ki, 1918-ci ildə Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğınlardan biri Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirmiş, məscidi top atəşinə tutmuş, yandırmışlar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa edilmiş, yenidən qurularaq xalqın istifadəsinə verilmişdir.
Tədbirdə ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru Zərifə Cavadova və rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışmış, diqqətə çatdırmışlar ki, Şamaxı qəzasının 58 kəndində 8027 nəfər, təkcə Şamaxı şəhərində 7 mindən çox dinc əhali qətlə yetirilmişdir. Hadisələr zamanı Şamaxı qəzasına 339,5 milyon, Şamaxı şəhərinə isə 1 milyon manatdan çox ziyan vurulmuşdur. Şəhərdə 13 məscid yandırılmış, rayonun Əngəxaran kəndində 237 nəfər, Bağırlı kəndində 370 nəfər, Quşçu kəndində 192 nəfər xüsusi amansızlıqlarla qətlə yetirilmişdir.
Bildirilmişdir ki, 1918-ci il Şamaxı qırğınına 31 nəfər erməni, o cümlədən Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamonov, Sedrak Vlasov, Samvel Doliev və başqaları rəhbərlik etmiş, Bakıda başlanmış soyqırımı əməlini burada davam etdirmişdilər.
Çıxışlarda ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyi qeyd olunmuşdur.
Tədbirin sonunda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər