Şriftin ölçüsü :

Saytın rəngi :

Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə Şamaxıda bölgə sahibkarları ilə görüş keçirilmişdir

04 fevral 2017 | 16:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb.
İlk görüş Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının icra hakimiyyətlərinin rəhbərlikləri və 60-a yaxın sahibkarı ilə Şamaxı Rayon İcra Hakimiyyətində reallaşıb.
Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışmış, “Azexport”un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirmişdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək bildirmişdir ki, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin inkişaf etdirilməsi vacibdir. Son illər qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Xüsusi iqtisadi zonalarının yaradılması, tənzimləmə və inzibati prosedurları sadələşdirməklə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə istehsalın genişlənməsində, ixrac imkanlarının artmasında xüsusi əhəmiyyətə malikdir. Bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib. Həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə məlumat verilmişdir.
Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılmışdır. Sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə etmişlər.

Keçidlər